Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib

22 iyun tarixindən etibarən Türkiyə Respublikası Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Protokol çərçivəsində Türkiyə təcrübəsi əsasında Bakı və Qəbələdə açılması planlaşdırılan peşə təhsili müəssisələrinin, xüsusilə də emalatxanaların tikintisi və avadanlıqla təmin olunmasının müzakirə edilməsi, perspektivlərinin genişləndirilməsi və növbəti addımların razılaşdırılmasıdır.


Səfərin birinci günündə qonaqlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüşüblər. Görüşdə hər iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin, imzalanmış protokola əsasən Bakı şəhərində açılacaq olan peşə təhsil müəssisəsinin tikinti işləri ilə tanışlıq, layihəçi tərəfindən olan sualların cavablandırılması və növbəti addımların razılaşdırılması üçün görüşlər təşkil olunub.


Səfərin ikinci günündə qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək təhsil müəssiəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə qonaqlar müəssisənin maddi-texniki bazası ilə tanış olub, Protokol çərçivəsində tikilməsi nəzərdə tutulan emalatxana və təlim oteli yerinə baxış keçiriblər. Emalatxananın yerləşmə planları müzakirə olunub.


Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.