Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib

28 aprel tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri təşkil edilib. “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir. İctimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, həmçinin işəgötürənlərin iştirak etdiyi tədbirdə qonaqlara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar və peşə təhsil müəssisəsinin digər imkanları haqqında ətraflı məlumat verilib. “Açıq qapı” günündə iştirakçılar həmçinin peşədə inklüziv tədris və xidmətlər, hazırki qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyətlər haqqında ətraflı məlumatlandırılıblar. O cümlədən uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.


Daha sonra tədbir iştirakçıları açıq havada dərzi, manikür, aşpaz, barmen, şirniyyatçı, vizaj, bərbər ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət təşkil olunmuş sərgilərə baxış keçirib, müxtəlif ixtisaslar üzrə nümayiş olunan ustad dərslərini izləyiblər. Qonaqlar mərkəzin tədris emalatxanalarında tədris prosesinin gedişini izləyərək mövcud avadanlıq və xidmətlərə tanış olublar. Sonda orta ümumtəhsil məktəblərinin şagirdlərinə və qonaqlara mərkəz tərəfindən xatirə hədiyyələri təqdim olunub.


Qeyd edək ki, sözügedən tədbirin təşkilində Aİ-nin maliyyələşdirdiyi və BMTİP icra etdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi də dəstək verməkdədir. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.