Şamaxı Peşə Liseyinin “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələri cari tədris ilindən etibarən “Bacarıqlı Ol” Usta yanında öyrənmə proqramının dəstəyilə həyata keçirilən dual təhsil proqramına uyğun olaraq iş əsaslı təlimə qoşulub.
Liseyin “Şirvan şərabları“ MMC müəssisəsi ilə olan əməkdaşlığına əsasən sözügedən ixtisasın ikinci kursunda təhsil alan 18 tələbəsi “işə əsaslanan öyrənmə” metodu ilə hal-hazırda həyata keçirilən təcrübədə iştirak etməkdədir.
Belə ki, iş əsaslı təlimin praktiki hissəsi həftənin bir günü 6 saat olmaqla işəgötürən müəssisədə keçirilir. Tədris ili ərzində tələbələr sözügedən müəssisənin mütəxəssislərinin və istehsalat təlimi ustalarının birbaşa nəzarəti altında üzüm sahəsinə qulluğun bütün mərhələlərini həyata keçirirlər.
Qeyd edək ki, “Bacarıqlı Ol” usta yanında öyrənmə proqramı tərəfindən tələbələr gündəlik qida, nəqliyyat, uniforma və fərdi qəza siğortası ilə təmin olunur, eyni zamanda təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alırlar.
“Təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən “Bacarıqlı Ol” layihəsinin məqsədi praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin etməkdir.