Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə Cəlilabada media səfər baş tutub. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən təşkil edilən səfərin rəsmi hissəsində icra hakimiyyəti nümayəndələri, təşkilatçı qurumların yüksək səviyyəli rəsmiləri, paytaxtdan və regiondan olan bir sıra media nümayəndələri, o cümlədən özəl sektor müəssisələrinin rəhbər şəxsləri bir araya gəlib.
Tədbirin tərkib hissəsi olaraq, dövlət-özəl sektor tərəfdaşlığına həsr edilmiş dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilən dəyirmi masada kənd təsərrüfatı, quşçuluq, mebel sənayesi, tekstil və turizm istiqamətləri üzrə fəaliyyət göstərən 15-ə yaxın özəl sektor müəssisəsi iştirak edib. Şirkətlər peşə təhsil müəssisələrində təhsil alan tələbələrin qiymətləndirilməsi, kurikulumların yenilənməsi və yeni maliyyələşmə mexanizmləri mövzusunda müzakirələr aparıblar. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib ki, təbii olaraq peşə təhsilinə ən obyektiv rəyi işəgötürənlər verə bilər. Çünki məhz onlar bizim yetişdirdiyimiz məzunlarla birbaşa işləyir, onların bilik və bacarıqlarını daha yaxından qiymətləndirmək imkanı qazanırlar. Agentlik rəhbəri həmçinin özəl sektorla belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini də vurğulayıb.
Səfər çərçivəsində iştirakçılar, həmçinin mebel sənayesi üzrə ixtisaslaşan “Woodpecker” şirkətinə səfər edib və orada çalışan tələbələrlə görüşüblər. Sözügedən tələbələr hazırda layihə tərəfindən tətbiq edilən dual təhsil proqramı çərçivəsində müxtəlif müəssisələrdə praktiki məşğələlərdə iştirak edir və real iş mühitində öyrənmə imkanı əldə edirlər.
Səfər çərçivəsində qonaqlar Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkib, müəllim və tələbə heyəti ilə görüşlər keçiriblər.
Qeyd edək ki, media səfər Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən PTDA ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.