Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə əmək yarmarkası formatında karyera sərgisi təşkil olunub. Tədbirin əsas məqsədi peşə təhsilli gənclərin məşğulluğunun təminatı, onların ixtisası üzrə əmək bazarında iş tapması və işəgötürənlərin bu prosesə yaxından cəlb edilməsidir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirə 200-ə qədər vakansiya ilə 21 şirkət qatılıb. Karyera sərgisində həmçinin Bakı şəhərində yerləşən 10 peşə təhsil müəssisəsi iştirak edib.
500-ə qədər peşə təhsil müəssisəsi məzunlarının və tələbələrin faydalandığı tədbirdə məzunlara məşğulluq, iş imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. Karyera sərgisinə məzunların hazırlaşması üçün peşə təhsil müəssisələri tərəfindən karyera məsləhət xidməti göstərilib.
Tədbirdə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin və peşə təhsil müəssisələrinin nümayəndələri işəgötürən şirkətlərin stendləri ilə tanış olub və şirkət nümayəndələri ilə gənclərin məşğulluğuna gələcək dəstək tədbirləri haqqında fikir mübadiləsi aparıblar. Tədbir zamanı peşə təhsil müəssisələri və işəgötürənlərin nümayəndələri arasında iş yerində öyrənmə, gənclərin məşğulluğuna dəstək və birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq üçün müzakirələr aparılıb, mövcud problemlər dinlənilib.