Koreyada baş tutacaq “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarının açılış mərasimi keçirilib

13-16 oktyabr tarixlərində Koreyanın Qoyanq şəhərində baş tutacaq “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarının açılış mərasimi keçirilib.

Mərasimə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini və "WorldSkills Azerbaijan" platformasının rəsmi nümayəndəsi Ceyhun Kərəmovun rəhbərlik etdiyi “WorldSkills Azerbaijan” heyəti də qatılıb. 35 üzv ölkənin 133 iştirakçı ilə təmsil olunduğu paraddan “WorldSkills Azerbaijan” heyəti 4-cü keçib.

Daha sonra açılış mərasimində kibertəhlükəsizlik istiqaməti üzrə “WorldSkills Azerbaijan” komandasının eksperti Alıxəyyam Quluzadə “WorldSkills Azerbaijan” platforması adından “WorldSkills” qaydalarına riayət ediləcəyinə dair and içib.

4 gün davam edəcək beynəlxalq yarışda “WorldSkills Azerbaijan” komandasının üzvləri, Fəqan Rəsulov, Sənan Nəcəfov və Vüsalə Ələkbərova veb texnologiyalar və kibertəhlükəsizlik istiqamətləri üzrə yarışacaqlar.

            Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.