“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb. Layihə çərçivəsində həyata keçirilən bütün mərhələləri uğurla başa vuran Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin edilib. Aktivlərin verilməsi növbəti təqvim ilinin ilk aylarında da davam etdiriləcək. 


Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunurlar.