Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

26 noyabr tarixində Elm və təhsil nazirinin müavini İdris İsayev aşpazlıq, kibertəhlükəsizlik və veb texnologiyalar istiqamətləri üzrə keçirilən “WorldSkills Competition Special Edition 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edən “WorldSkills Azerbaijan” komandasının iştirakçı və ekspert heyətini qəbul edib. Görüş zamanı İdris İsayev beynəlxalq “WorldSkills” hərəkatının əhəmiyyətindən bəhs edib və “WorldSkills Azerbaijan” platformasının faəliyyətinə toxunub.


Tədbirin davamında nazir müavini 2022-ci ilin oktyabr ayında İsveçrənin Lütsern şəhərində aşpazlıq istiqaməti üzrə keçirilən yarışda “Mükəmməllik” medalına (“Medallion for Excellence”) layiq görülən Leyla Vəliyevanı təbrik edib, həmçinin onu “WorldSkills Azerbaijan” təmsilçiləri arasında “Ən yaxşı” (Best of Nation) medalı ilə təltif edib.


Xatırladaq ki, 13-16 oktyabr tarixlərində veb texnologiyalar və kibertəhlükəsizlik üzrə beynəlxalq “WorldSkills Competition Special Edition 2022” yarışları Koreyanın Qoyanq şəhərində, 23-26 oktyabr tarixlərində isə aşpazlıq istiqaməti üzrə İsveçrənin Lütsern şəhərində keçirilib.


“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır