Bərdə Peşə Liseyi və Mingəçevir Dövlət Universiteti arasında əməldaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyətinin Bərdə Peşə Liseyinə səfəri baş tutub. Səfər zamanı qonaqlar müasir infrastruktura malik Bərdə Peşə Liseyinin tədris korpusu, STEM Mərkəzi, emalatxana və laboratoriyaları ilə tanış olub, mümkün əməkdaşlıq imkanlarının müzakirəsi üçün ikitərəfli görüş keçiriblər. Görüş zamanı təhsilin müxtəlif pillələri arasında əməkdaşlığı ehtiva edəcək uğurlu universitet-peşə təhsili müəssisəsi əməkdaşlıq modelinin qurulması razılaşdırılıb. Tədbirin sonunda Bərdə Peşə Liseyi və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu özündə təhsil proqramları və resursların hazırlanması, müəllim-pedaqoji heyətin hazırlanması və təlimləndirilməsi, qarşılıqlı maraq kəsb edən mövzularda təlimlərin, konfransların, seminarların və birgə layihələrin təşkili kimi istiqamətlərdə əməkdaşlığı əhatə edir. Digər tərəfdən bu memorandum işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı perspektivindən kadr hazırlığı prosesinə də töhfə verəcək.


Səfər zamanı həmçinin Mingəçevir Dövlət Universiteti nümayəndə heyətinin Bərdə Peşə Liseyinin müəllim-pedaqoji heyəti və tələbələr ilə görüşü və master-klasslar təşkil edilib.


Xatırladaq ki, Bərdə peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. Sözügedən təhsil müəssisəsi Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə istiqamətində 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır.