Məvacib haqqında sualları necə cavablandırmaq lazımdır?

Əvvəlki işinizdə nə qədər məvacib alırdınız?  İndi nə qədər əmək haqqı istərdiniz?

Müsahibədə bu suallara necə düzgün cavab vermək lazımdır ?


Əvvəlki işinizdə nə qədər məvacib alırdınız?

 Müsahibədə maaşın müzakirəsi, adətən əvvəlki iş yerində olan əmək haqqına dair suallar ilə başlayır.

İşə götürənin gözündə öz dəyərinizi artırmaq üçün inandırıcı olmayan, çox yüksək rəqəmlər səsləndirmək olmaz.  Təcrübəli HR meneceri əmək bazarında maaşların səviyyəsinə nəzarət edir.  Çox şişirdilmiş, reallıqdan kənar olan cavablar, peşəkarlığınız haqqında şübhə yarada bilər.

Həmçinin, daha aşağı səslənmiş rəqəmlər də işəgötürəndə  haqqınızda mənfi fikirlər yarada bilər. 

Ən yaxşı cavab gəlirinizin real və ya reallığa yaxın olan məbləği bildirməkdir.  Həmçinin, siz öz ixtisasınız üzrə əmək bazarında məvaciblərin səviyyəsinə əsaslanaraq cavab verə bilərsiniz. 

Məsələn, "Bu, mənim ixtisas və təcrübəmdə olan mütəxəssislərin qazandıqlarından bir qədər azdır, lakin hər şey sərbəst qrafik və bəzən evdə işləmək imkanı ilə kompensasiya olunurdu";  “Bu məbləğ təkcə mənim maaşım deyil, həm də satış faizidir”;  "Mən demək olar ki, həmişə həm əmək haqqı, həm də nəticəyə görə mükafat alırdım, ona görə də mənim gəlirim bir çox həmkarlarımdan nəzərəçarpacaq dərəcədə yüksək idi" -bu cür şərhlər HR menecerinə özünüzü dəyərləndirmə səviyyənizi və yüksək nəticələr əldə etmək bacarığınızı nümayiş etdirəcəkdir.

Əgər  bu sualı cavablandırmağa hazır deyilsinizsə, gəlirinizi açıqlamanıza mane olan müqaviləniz varsa,  bu müqavilənin şərtlərinə əməl etdiyinizi vurğulayaraq suala cavab verməkdən mümkün qədər diplomatik imtina edə bilərsiniz:  “Mən kommersiya sirrinin açıqlanmamasına dair xüsusi sənəd imzalamışam, keçmiş işəgötürənim məvacibi də bu şərtlər sırasına daxil edib.  Üzr istəyirəm, amma dəqiq məbləği açıqlaya bilmərəm. Vakansiyanızda göstərilən rəqəm qeyd edilmiş iş saatları üçün müəyyən düzəlişlərlə mənə çox uyğun gəlir” 


İndi nə qədər məvacib istəyirsiniz?

Əvvəlki işdəki maaşı müzakirə etdikdən sonra yeni işdə gözləntilərinizi müzakirə etməyə davam edəcəksiniz.  Hansı məbləği səsləndirmək daha uyğundur?  Cavabı əvvəlcədən düşünün.  Əmək bazarında öz dəyərinizi qiymətləndirin. Hər şeyi nəzərə alın - işlədiyiniz region, peşəkar və idarəçilik təcrübəniz, təhsil səviyyəniz, xarici dil biliyi, elmi dərəcələrin mövcudluğu və s.


 Gənc mütəxəssislər maaş gözləntilərini çox qiymətləndirməməlidirlər.  Bu mərhələdə sizin üçün nəyin daha vacib olduğunu düzgün qiymətləndirin: həmyaşıdlarınızdan daha yüksək maaş almaq, yoxsa nisbətən aşağı məbləğ olsa da, uğurlu şirkətdə təcrübə qazanmaq istəyərdiniz?


Maaş iddialarınızın yekun rəqəmini dərhal bildirmək və ya bazarlıq edə bilmək üçün gözlədiyinizdən 10-15% daha yüksək məbləğ səsləndirə bilərsiniz. 

İstənilən halda müsahibənin nəticəsi, digər işgüzar danışıqlar kimi, hər iki tərəfdə ümumi məqsəd və ortaq məxrəcə gəlmək imkanlarından asılıdır. 

Sizə uğurlu iş və yüksək gəlir arzulayırıq!